Menu

20 yanvar şeirləri

20 yanvar şeirləri

20 Yanvar Şeirleri

20 YANVAR GÜNÜ ŞEİRİ

Müəllif: Əli Vəkil

Qəsdimizə durdular,
Sinəmizdən vurdular,
Günahsızdıq, qırdılar-
İyirmi yanvar günü!

Geriyə çəkilmədik,
Qorxu nədir bilmədik,
Şəhid olduq-ölmədik –
İyirmi yanvar günü!

Neçə-neçə qəhrəman,
Susduruldu həmin an,
Küçələrdə axdı qan-
İyirmi yanvar günü!

Bəla var başımızda
Dil açdı daşımızda
Qaldı yaddaşımızda
İyirmi yanvar günü.


20 yanvar seirleri

ŞƏHİDLƏR XİYABANI ŞEİRİ

Müəllif: Əbülfəz Naxçıvanlı

Sinə gərib dünyanın
Payızına, qışına,
Həmişə qərq olubdur
Gül-çiçək yağışına
Şəhidlər xiyabanı.

Sponsor

Məmməd Əmin amalı,
Əhməd Cavad şeiridir.
Vətəni sevənlərin
Əbədi and yeridir
Şəhidlər xiyabanı.

Məzarlar doğma, yaxın,
Məzarlar yan-yanadır.
Övladlarına ağı
Deyən müdrik anadır
Şəhidlər xiyabanı.

Yurduma göz dikənə
Etirazımdır mənim,
Heç zaman pozulmayan
Alın yazımdır mənim
Şəhidlər xiyabanı.

20 YANVAR ŞEİRİ

Müəllif: Müzəffər Məzahim

Bu gün arzumuzun azadlıq günü,
Bu gün azadlığın zurvə günüdür.
Ulu babaların səpdiyi dəni,
Göyərdən millətin zərbə günüdür.

Bu gün min illərlə gələn yollarıın,
Sabaha açılan hür qapısıdır.
Haqqını istəyən mərd oğulların,
Şərəflə keşdiyi nur qapısıdır.

Bu gün yer üzündə ən qədim xalqın,
Özünə yenidən dönüm anıdır.
Vətəni canından çox sevənlərin,
Vətən qarşısında imtahanıdır.

Bu gün hüzün günü, qəm günü deyil,
Fəxarət günüdür, qürur günüdür.
Xalqın varlığını təsdiq eləyən,
Şərafət günüdür, möhür günüdür.

Bu gün öz qanıyla yazdı bu millət,
Ən yeni tarixin salnaməsini.
Ucaldı müqəddəs şəhidləriylə,
Çatdırdı dünyaya haqqın səsini.

Bu gün azadlığın, müstəqilliyin,
Qan ilə yazılmış təməl günüdür.
Ölümün üzünə dik baxa-baxa,
Özgür yaşamağın bədəl günüdür.

Bu gün ürəklərdən qorxunun, xofun,
Ölümün əliylə çıxan günüdür.
Millətin divləri, əjdahaları,
Birliyin gücüylə yıxan günüdür.


ŞƏHİDLƏR XİYABANI ŞEİRİ

Müəllif: Rafiq Yusifoğlu

Şəhidlər xiyabanı
Müqəddəs and yerimiz.
Mərmər daşlara hopub,
Bayatımız, şerimiz.

Bizə güllə dəyəndə,
Bu torpaq yaralanıb.
Onun sinəsi üstə
Məzarlar sıralanıb.

Mərdləri qorxutmayıb,
Namərdlərin gülləsi.
Hər qəbir azadlığa
Gedən yolun pilləsi.

Əlimizdə qərənfil
Dilimizdə haqq sözü.
Bu günahsız millətə
Kömək olsun haqq özü!

Hər baş daşı çevrilib,
Şərəf, qeyrət büstünə.
Bir güllə qoyulubdur
Hər məzarın üstünə.

İgid oğullarımız
Cərgə ilə keçirlər,
Məzarların önündə
Diz çöküb, and içirlər.

Güllələri götürüb
Döyüşlərə gedirlər.
Günahsız qurbanların
Ruhunu şad edirlər.

Şəhid məzarlarından
Gedən odlu güllələr,
Düşmənlərin başına
Alov saçar, kül ələr.

Geri dönər Xocalı,
Geri qayıdar Şuşa.
Şəhid ruhu şad olar,
Dönər bir qızıl quşa.

Qarabağ torpağının
Üstündə uçar, uçar.
Hamımızın qəlbində
Arzular çiçək açar.

QANLI YANVAR ŞEİRİ

Müəllif: Elvin Elxanoğlu

20 yanvar günü, o qanlı gecə,
Silahsız xalqıma divan tutuldu,
Azadlıq dəyərək toplaşan xalqa,
Odu silahlardan atəş açıldı.

Əli yalın xalqın, dinc əhalinin,
Üstünə onlarla tank yeridildi.
Tarix görməmişdi belə vəhşilik,
Yüzlərlə həmvətən şəhid edildi.

Nə qoca, nə cavan, nə qız, nə gəlin,
Əzdilər keçdilər körpələrəcən.
Bakı qan ağladı, fəryad qopardı,
Gecədən başlamış, düz səhərəcən.

Qorxuyla döndərmək istəsələr də,
Xalq öz amalından geri dönmədi.
Nə şaxta, nə ordu, nədəki tanklar,
Xalqımın əzmini qıra bilmədi.

Bir xalq göstərin ki, tanklar önünə,
Əliyalın çıxa, silahsız çıxa.
Bu mənim xalqımdır bircə gecədə,
Qanıyla qol çəkdi o azadlığa.

Üstündən yüz illər gəlib keçsə də,
Heç vaxt unutmarıq bu faciəni.
Qan yaddaşımıza dönən bu qanlı,
Həm acı, həmdə ki şanlı gecəni.

“QARA YANVAR” ŞEİRİ

Müəllif: Seymur Sönməz

Neçə günahsız insan boyandı qana,
Zalımlar zülm etdi, məzluma cana.
Matəm əks olundu Azərbaycana
Bu tarix yazıldı, bəd Qara Yanvar….

Yollar qan iziylə, qırmızı, aldı,
Güllələr susmadı, canları aldı.
Allahım, bu necə, dəhşətli haldı?
Silinməz yazıldı, bəd Qara Yanvar …

Ana fəryadına dözmədi göylər,
Buludlar ağladı, ürəklər inlər,
Fərizə İlhamla, güllə yedilər,
Vağzalı çalındı , bəd Qara Yanvar…

Baxmadı qocaya, cavana yağı,
Cəkdi iyirmisi bizə bu dağı ,
Kərbəla canlandı, həmən o anı,
Yaşatdı millətə bəd, Qara Yanvar…

Keşkə yetişəydi həmin an ağam,
Zühur edib gələ İmami Zaman,
Zalıma verməzdi, heç zaman aman,
Olardı düşmənə bəd,Qara Yanvar.


QANLI YANVAR ŞEİRİ

Müəllif: Nəbi Xəzri

Yermi batdı, göymü uçdu
Söküləndə qırmızı dan?
Yer kürəsi iki rəngdən yoğrulmuşdu —
Qara ilə qırmızıdan.

Üfüq gümüş, torpaq qızıl,
Neftimizlə varlananlar.
Görün necə qaytardılar haqqımızı.
Döz, ürəyim, döz, ürəyim!

Pəncərəmə gəlib qonan günəş, aydı.
Muğamatın sədaları
Əsrlərin ağısıydı.
Ürəklərə səbir dedi, dözüm yaydı,
Döz, ürəyim, döz, ürəyim!

Dinlədikcə bircə anlıq
Dəhşətləri unudursan.

Sağ ol, mənim muğamatım,
Ey varlığım, ey həyatım,
Tarixlərin qucağından
Yenə gəlib əllərimdən sən tutursan.
Döz, ürəyim, döz, ürəyim!

* *  * *  * *

Oğul cəsədini tapmayan ana,
İndi də şəhəri ağlar dolanır.
Sanki dərd əlindən
gəlib tüğyana,
Dünyanın başına dağlar dolanır.
Bir gəlin — körpəsi
imanı, dini,
Yudu uşağının ağ köynəyini
Zivəyə sərməkçin eyvana çıxdı,
Tuşlandı gəlinə qatil gülləsi.
Evdə haray çəkdi körpənin səsi,
Yerə mərcan-mərcan al qanlar axdı.
Ölümə mərdanə
getdi cavanlar —
Qızardı göy rəngi asimanın da.
Əgər bir məcrayla
axsaydı qanlar,
Xəzər yaranardı
Xəzər yanında.
İnsan iradəsi
dəmir olsa da.
Zirehli tanklara
göylər dünyada?
Gör necə bənzərdir —
biz bunu gördük.
Qara əməllər də qara gecədir.
Düşmənlər gəlsəydi
sinə gərərdik,
Bəs “dost” dediyin nə,
bu qırğın nədir?
Matəmə boyanmış doğma evim var,
Kədərim sonsuzdur, səbrim möhtəşəm.
Mənim silahım yox,
tək qəzəbim var,
Güllə bir yol atar,
qəzəb həmişə!
Neçə-neçə cavanların toy gecəsi,

Dönüb oldu vay gecəsi.
Qara geymiş anaların
Yaş qurudu gözlərində.
Qızıl-qızıl kəcavələr
Üzdü şəhər üzərində…

O gün fəda etdi
mərdlər baxtını,
İzdiham yarıldı xiyaban kimi.
Ulduz-qərənfilli
insan axını,
Düzüldü yer üstdə
kəhkəşan kimi.
Sahildə dalğalar
coşdu, çağladı,
Gəmi harayıyla
Xəzər ağladı.
Dünyanı çulğayan
fəryad səsidir,
Bundan hali edin
gedib-gələni!
Zəlzələ təbiət faciəsidir.
İnsanlar gətirdi bu zəlzələni.
Anaların ahı,
mərdlərin qanı,
Yerdə qalmayacaq
heç zaman, heç vaxt!
Məgər ki, sabahın
məğrur insanı,
Qatil boğazından
yapışmayacaq?!
Qonur hər məzara
göyün ulduzu,
Necə ağır olur gecə matəmi…
Kim deyir dünyada
şəhidlər susur?!
Şəhidlər dillənir
şahidlər kimi
“Ey qanlı yanvar,
Əlində qan var.
Nə qədər torpaq var,
göy, asiman var,
Sən elə qanlısan,
ey qanlı yanvar.
Nə qədər rica et, nə qədər yalvar,
Səni bağışlamaz el, “qanlı yanvar”.

* *  * *  * *

Allah, sanki birdən zaman dayandı,
Gördük neçə vəhşi ölümü, Allah.
Al qandan torpaq da
od tutdu, yandı,
Sən necə götürdün bu zülmü, Allah!
İnsan doğma yurdda
sanki qəribdir,
Qanlı fəlakətin
susmur fəryadı.
Kim ki, ölümlərə fərman veribdir,
Bu gün necə görən o, rahat yatır?
…Deyirlər, qaranlıq çökəndə yerə,
Astaca yarılır şəhidlər qəbri.
Sükutla gedirlər onlar evlərə,
Səhər sükutla da dönürlər geri.
Allah, şəhidlərim ölməz, müqəddəs,
Nuru məzar üstdə yandıran sənsən!
Sonra da əl tutub dinməz-söyləməz,
Onları evlərə aparan sənsən.
Onlar asta keçir çəndən, dumandan,
Boynuma dolanmır qolları əfsus,
Onlar ki, hər şeyi görür cahanda,
Biz isə görmürük onları, əfsus!
Yenə çıxsın günəş,
parlasın ulduz.
Necə tapdalandı ədalət, qanun!
…Ərşə çəkilmişdir bizim yuxumuz,
Siz ana torpaqda rahat uyuyun!
Bizim vicdanımız,
Qeyrətimiz siz,
Sizə səcdə edir bir ulu millət!
Şəhidlər sizsiniz,
şahidlərsə biz,
Rəhmət oxuyuruq sizlərə… rəhmət!

4.5/5 - (10 votes)

Rəy Yaz