
Babasil nedir?

✅ Hemoroid (Babasil) | ✅ Hemoroid (Babasil) Əlamətləri Nələrdir? | ✅ Hemoroid (Babasil) Niyə Yaranır? | ✅ Hemoroid (Babasil) Müalicəsi | ✅ Daxili Hemoroidin Müalicəsi | ✅ Babasil Əməliyyatı Necə Aparılır? |
Hemoroid, xalq arasında babasil kimi tanınan, anusun (anal dəliyin) və düz bağırsağın (makat) daxilində və xaricində yaranan şişmiş, genişlənmiş damarlardır. Ağrılı və narahatlıq verici ola bilər və rektal qanaxmaya səbəb ola bilərlər. Babasil ağrısı adətən 2-3 gün ərzində keçir. Ancaq şişkinliyin aradan qalxması bir neçə həftə çəkə bilər.
Hemoroid müalicəsində ən sürətli nəticə üçün isti su vannası (oturaq vanna), tərkibində steroid olan şam və ya kremlər və ağrıkəsicilər birlikdə istifadə edilə bilər. Anus ətrafındakı qaşınma və ağrını aradan qaldırmaq üçün bəzi dərmanların tərkibində Hidrokortizon adlı bir maddədən istifadə olunur. Bu tip dərmanlardan sizə ən uyğun olanını mütləq həkiminizlə məsləhətləşərək istifadə etməyiniz çox vacibdir. Unutmayın! Hemoroid kremləri babasili tamamilə sağaltmır, ancaq ağrı və qaşınmanı yüngülləşdirə bilər.
Hemoroid (Babasil) Nədir?
Xalq arasında babasil olaraq da bilinən hemoroidlər, anusun və düz bağırsağın (makat) aşağı hissəsində şişmiş damarlardır. Bu damarların divarları gərildikdə qıcıqlanmaya, bununla yanaşı ağrıya, anal qaşınmaya və rektal qanaxmaya səbəb ola bilər. Hemoroidlər varikoz damarlara bənzəyir. Hemoroidlər düz bağırsağın daxilində inkişaf edə bilər ki, buna daxili hemoroid deyilir. Həmçinin, anus ətrafındakı dərinin altında da inkişaf edə bilər ki, buna da xarici hemoroid deyilir.
Əsasən 4 növ babasil vardır. Bunlar:
- Daxili hemoroidlər: Bunlar düz bağırsağın çox dərinliyində yerləşir və buna görə də görünməz və hiss edilməzlər. Adətən ağrı vermirlər, çünki o bölgədə ağrını qəbul edən sinirlər çox azdır.
- Xarici hemoroidlər: Bunlar, ağrını qəbul edən sinirlərin daha çox olduğu anus ətrafındakı dərinin altında yerləşir.
- Sallanmış hemoroidlər: Bunlar daxili hemoroidin anal dəlikdən xaricə doğru çıxacaq qədər aşağıya sallanması ilə meydana gəlir. Həm daxili, həm də xarici hemoroidlər sallana bilər, yəni anusdan xaricə doğru gərilir və şişir. Bu növ hemoroidlər qanaya və ya ağrıya səbəb ola bilər.
- Trombozlu hemoroidlər: Anus və ya düz bağırsaqdakı şişmiş bir damar olan hemoroidin içində qan laxtası əmələ gəldikdə yaranır. Buna tromboz və ya trombozlu hemoroid deyilir.
Hemoroid (Babasil) Əlamətləri Nələrdir?
Xəstəliyin yerləşdiyi yerə və mərhələsinə görə hemoroid əlamətləri fərqlilik göstərsə də, ən çox rast gəlinən əlamətlər qaşınma və qanaxmadır.
Hemoroidin əlamətləri bunlardır:
- Nəcisdə parlaq qırmızı qan
- Anus ətrafında ağrı və qıcıqlanma
- Anus ətrafında şişkinlik və ya sərt bir düyün
- Qaşınma
Hemoroid (Babasil) Niyə Yaranır?
Sağlam fərdlərin anus bölgəsində defekasiyanı (nəcis ifrazını) nəzarətdə saxlamağa kömək edən bir toxuma vardır. Hemoroid xəstələrində isə damarlarla zəngin bu toxuma varikoz kimi şişərək xaricə doğru sallanır. Bu damar şişmələrinin və toxuma sallanmalarının səbəbi tam olaraq bilinməsə də, bəzi amillərin bu xəstəliyin yaranmasında təsiri vardır:
- Xroniki qəbizlik və ishal,
- Hamiləlik,
- İrəli yaş,
- Daimi oturaq vəziyyətdə vaxt keçirmək,
- Hərəkətsiz həyat tərzi,
- Velosiped sürmək kimi idman fəaliyyətləri,
- Həddindən artıq spirtli içki və ya ədviyyatlı qidalar istehlak etmək,
- Genetik meyllilik.
Hemoroid (Babasil) Müalicəsi
Anus və düz bağırsağın müayinəsindən sonra diaqnozu qoyulan hemoroid üçün dərman müalicəsi və cərrahi əməliyyatlarla yanaşı, xəstələrin həyat tərzlərində edəcəkləri dəyişikliklər də mövcuddur.
Xarici hemoroidin müalicəsi
Xarici hemoroidin müalicəsi adətən əlamətlərin şiddətinə görə müəyyən edilir. Şiddətli ağrı və qanaxma müşahidə olunmayan xəstələrdə bu əlamətlər öz-özünə aradan qalxa bilər. Buna görə də simptomlara uyğun müalicə planı tərtib edilə bilər.
- Qidalanma: Erkən mərhələdəki xəstələrdə ilk növbədə hemoroidə səbəb olan narahatlıqların aradan qaldırılması hədəflənir. Qəbizliyi aradan qaldırmaq üçün lifli qidalar istehlak etmək, çox ayaq üstə qalmamaq və gün ərzində bol su içmək asanlıqla tətbiq edilə bilən üsullardır. Çobanyastığı, adaçayı və yaşıl çay kimi təbii bitki çayları hemoroid ağrılarını yüngülləşdirə bilər. Həmçinin, liflə zəngin olan yulaf əzməsi, kəpəkli məhsullar, qarabaşaq, buğda kimi qidaların istehlakını artırmalısınız.
- Oturaq vannası: Əlamətləri yüngülləşdirən üsullardan biri də oturaq vannasıdır. Gündə bir neçə dəfə oturaq vannası olaraq bilinən ilıq su ilə dolu vannada oturmaq və ya duşla 3 dəqiqə qədər anusa isti su tutmaq ağrını azaltmağa kömək edir.
- Dərman müalicəsi: Simptomların yüngül olduğu I və II mərhələ xəstələrdə xüsusilə qəbizliyin aradan qaldırılmasında və defekasiyadan sonrakı ağrıların azaldılmasında hemoroid dərmanlarından da istifadə edilir. Ağızdan qəbul edilən həblərlə yanaşı, ağrılı bölgəyə tətbiq olunacaq məlhəm və hemoroid şamları da təsirli olur. Xüsusilə əlamətləri öz-özünə keçməyən xəstələrdə hemoroid kremi, şamlar və məlhəmlər müalicənin vacib hissələridir. Bu üsullardan nəticə alınmayan hallarda invaziv üsullar və cərrahi əməliyyatlar tətbiq edilir.
Daxili hemoroidin müalicəsi
Daxili hemoroidin müalicəsində Band Liqasiyası olaraq da bilinən rezin halqa ilə boğma texnikası geniş istifadə olunur. Bu üsulla qanaxma əlaməti göstərən və anusdan xaricə sallanan düyünlər boğulur. Bu halqa bir neçə gün ərzində hemoroid düyünü ilə birlikdə düşür və həmin bölgə bir neçə həftəyə sağalır. Skleroterapiya (İnyeksiya) üsulunda isə genişlənmələrin və xaricə doğru sallanmanın qarşısını almaq məqsədilə damar içinə maye yeridilir.
Babasil Əməliyyatı Necə Aparılır?
Hemorroidektomiya, şiddətli və ya təkrarlanan hemoroidləri müalicə etməyin ən təsirli yoludur. Bu cərrahi prosedur zamanı cərrah hemoroidləri tapır, təsirlənmiş toxumanı kəsib çıxarır və qan damarlarını bağlayır.
Rəy Yaz