
Hipertoniya nedir?

Hipertoniya, ürəyin qanı qovarkən (pompalayarkən) damarda yaratdığı təzyiqin normal dəyərlərdən yüksək olması vəziyyətidir. Yuxarı (sistolik) təzyiqin 140 mmHg və daha yüksək, aşağı (diastolik) təzyiqin 90 mmHg və daha yüksək olması yüksək təzyiq (hipertoniya) olaraq qəbul edilir.
Baş ağrısı, başgicəllənmə, halsızlıq, burun qanaması, ürək döyüntüsü, görmə problemləri, tez-tez sidiyə çıxma, bədəndə ödem və qulaqlarda küy hipertoniyanın əlamətləri arasında göstərilir. Hipertoniyanın müalicəsində həyat tərzi dəyişiklikləri və dərman müalicəsi mühüm rol oynayır. Mütəxəssislər, müalicə olunmayan hipertoniyanın qəfil və ya uzun müddət ərzində qalıcı əlilliyə və hətta ölümə səbəb ola biləcəyi barədə xəbərdarlıq edir.
“Güvən Xəstəxanası”nın Kardiologiya Şöbəsinin mütəxəssisi Dr. Yasəmən Sağlam hipertoniya haqqında məlumat verdi.
Hipertoniya nədir?
Təzyiq və ya qan təzyiqi, ürəyin qanı qovarkən damarda yaratdığı təzyiqdir. Bu təzyiqin istənilən dəyərlərdən yüksək olması vəziyyəti isə hipertoniya olaraq tərifi verilir.
Qan təzyiqi; ürəyin qanı qovarkən yaratdığı təzyiq “sistolik (yuxarı təzyiq)” və ürəyin qan qovmağa fasilə verdiyi dövrdəki təzyiq “diastolik (aşağı təzyiq)” olaraq iki fərqli dəyərdən ibarətdir.
- Yuxarı təzyiq üçün normal qan təzyiqi dəyərləri 120-129 mmHg,
- Aşağı təzyiq üçün 80-84 mmHg olmalıdır.
Sərhəd (normala yaxın) dəyərlər isə; yuxarı təzyiq üçün 130-139 mmHg; aşağı təzyiq üçün 85-89 mmHg-dir.
Hipertoniya, sistolik qan təzyiqində 140 mmHg və daha yüksək; diastolik qan təzyiqində 90 mmHg və daha yüksək olaraq qəbul edilir.
Hipertoniyanın əlamətləri nədir?
Hipertoniya adətən hər hansı bir əlamətə səbəb olmur. Hətta təhlükəli dərəcədə yüksək qan təzyiqi dəyərlərində belə bəzi xəstələrdə şikayət yaranmadığı məlumdur.
Uzun müddət əlamət göstərməyən və müalicə edilməyən hipertoniya ürək, böyrək, beyin kimi həyati vacib orqanlarda ciddi xəstəliklərə səbəb ola bildiyi kimi, damarlarda yaranan bu yüksək təzyiq damarın daxili səthində zədələnməyə səbəb olaraq tıxanmağa, genişlənməyə, hətta cırılmağa gətirib çıxara bilər. Bir çox insan hipertoniya xəstəsi olduğunu bilmir. Bunu öyrənməyin yeganə yolu qan təzyiqini ölçməkdir.
Hipertoniyanın ən çox rast gəlinən əlamətləri bunlardır:
- Baş ağrısı
- Başgicəllənmə
- Halsızlıq
- Yorğunluq
- Görmə problemləri
- Təngnəfəslik
- Ürək döyüntüsü
- Sinə ağrısı
- Burun qanaması
- Qulaqlarda küy
- Tez-tez sidiyə çıxma
- Bədəndə ödem
Hipertoniyanın səbəbləri nələrdir?
Hipertoniyanın primer (birincili – essensial) və sekonder (ikincili) olmaqla iki növü vardır.
- Genetik faktorlar,
- Həddindən artıq duz istifadəsi,
- Hərəkətsiz həyat,
- Artıq çəki,
- Stress,
- Siqaret və həddindən artıq spirtli içki qəbulu hipertoniyanın bilinən ən çox rast gəlinən səbəbləri olsa da; hipertoniya xəstələrinin 90-95%-də hipertoniyanın səbəbi məlum deyildir. Primer (birincili-essensial) hipertoniya adlandırılan bu yüksək təzyiq növü zamanla, tədricən inkişaf edir.
Xəstələrin 5-10%-də görülən sekonder (ikincili) hipertoniya isə altdakı (əsas) bir səbəbə bağlı olaraq inkişaf edir.
İkincili hipertoniyanın ən çox rast gəlinən səbəbləri bunlardır:
- Böyrək xəstəlikləri
- Böyrəküstü vəzinin xəstəlikləri
- Böyrək damarlarının daralması
- Anadangəlmə aortanın bir hissəsinin dar olması (Aorta koarktasiyası)
- Yuxu apnesi
- Tiroid (qalxanabənzər) vəzi xəstəlikləri
- Doğum kontrol həbləri (oral kontraseptivlər), soyuqdəymə dərmanları, burun tutulmasını aradan qaldıran dərmanlar
- Revmatizm və depressiya müalicəsində istifadə olunan bəzi dərmanlar
Hipertoniya üçün risk faktorları hansılardır?
- Ailədə (irsi) yüksək təzyiq tarixçəsinin olması,
- 40 yaşdan yuxarı olmaq,
- Artıq çəki, piylənmə (obezite),
- Siqaret çəkmək,
- Şəkərli diabet (diyabet) xəstəliyi,
- Hamiləlik,
- Hərəkətsiz həyat, fiziki fəaliyyətin olmaması (idman etməmək),
- Həddindən artıq duz istifadəsi,
- Həddindən artıq spirtli içki qəbulu hipertoniyanın risk faktorlarındandır.
Hipertoniya hansı fəsadlara (komplikasiyalara) səbəb ola bilər?
Hipertoniyanın ən çox təsir etdiyi orqanlar; ürək, beyin, böyrəklər, böyük arteriyalar və gözlərdir. Hipertoniya bu orqanlara təsir edərək qəfil və ya uzun müddət ərzində qalıcı əlilliyə və ölümə səbəb ola bilər. Qan təzyiqi dəyərləri müalicə ilə normal həddə saxlanılarsa, hipertoniya xəstələri yüksək qan təzyiqinin bu zərərli təsirlərindən qoruna bilərlər.
Hipertoniyanın səbəb olduğu əsas fəsadlar bunlardır:
- Ürək çatışmazlığı, ürək əzələlərində qalınlaşma, ürəyi qidalandıran damarlarda daralma (koronar arteriya xəstəliyi), infarkt kimi ürək narahatlıqları,
- Beyin qanaması, iflic, beyin damarlarında daralma və tıxanma,
- Yaddaş pozğunluğu və qavrama çətinliyi,
- Demensiya (Daralmış və ya tıxanmış arteriyalar beyinə gedən qan axınını məhdudlaşdırır, bu da demensiyanın bəzi növlərinə səbəb ola bilər.),
- Böyrək çatışmazlığı, böyrək funksiyalarında pozulma,
- Görmə pozğunluğu və korluq,
- Böyük arteriyalarda genişlənmə, bu genişlənmələrin cırılması (Məsələn; aorta disseksiyası),
- Boyun və ayaq damarlarında tıxanma.
Hipertoniya diaqnozu necə qoyulur?
Hipertoniya diaqnozu, uyğun şəraitdə aparılan mütəmadi təzyiq ölçümləri ilə qoyulur. Ən az beş dəqiqəlik istirahətdən sonra hər iki qoldan ölçüm aparılmalı, sonra qan təzyiqinin yüksək olduğu qoldan ölçməyə davam edilməlidir. Həmçinin, ölçümdən bir saat əvvəl siqaret, kofe və s. istifadə edilməməlidir.
Bəzi hallarda yüksək təzyiq problemi olmadığı halda, xəstəxana mühitində təzyiq dəyərləri yüksək çıxa bilər. “Ağ Xalat Hipertoniyası” adlanan bu vəziyyətlərdə təzyiq izləmələri və ya təzyiq holter cihazı ilə diaqnoz qoyula bilər.
Hipertoniya necə müalicə olunur?
Hipertoniyanın əsas müalicəsində;
- Dərman müalicəsi
- Həyat tərzi dəyişiklikləri olmaqla iki vacib amil vardır.
Həyat tərzi dəyişiklikləri
Hipertoniyaya nəzarət etmək üçün həyat tərzi dəyişiklikləri çox vacibdir.
Hipertoniyada vacib həyat tərzi dəyişiklikləri bunlardır:
- Duzu azaltmaq və sağlam qidalanmaq (Meyvə və tərəvəz istifadəsini artırmaq, doymuş və ümumi yağ istifadəsini azaltmaq; içalat, quru meyvələr, konservləşdirilmiş qidalar, turşu, zeytun kimi duz nisbəti yüksək olan qidaları az istifadə etmək).
- Mütəmadi fiziki fəaliyyət və idman etmək.
- Çəkini sağlam səviyyədə saxlamaq və artıq çəki olduqda arıqlamaq.
- Siqareti tərgitmək.
- Spirtli içki istifadəsini məhdudlaşdırmaq.
- Stresi idarə etmək.
Dərman müalicəsi
Bəzi hallarda qan təzyiqini azaltmaq üçün həyat tərzi dəyişiklikləri kifayət etməyə bilər. Xüsusilə qan təzyiqi dəyərləri sistolik 160 mmHg, diastolik 100 mmHg və daha yüksəkdirsə, mütləq təzyiqi salmaq üçün həyat tərzi dəyişiklikləri və bununla yanaşı dərman müalicəsi tələb olunur.
Hipertoniya dərmanları fərqli mexanizmlərdən istifadə edərək qan təzyiqini nəzarətdə saxlayır. Həkim tərəfindən ən uyğun bir və ya bir neçə dərman xəstənin;
- Yaşı,
- Cinsiyyəti,
- Yüksək təzyiqinin səbəbi,
- Təzyiq dəyərləri,
- Digər xəstəlikləri nəzərə alınaraq təyin edilir.
Hipertoniya dərmanları mütəmadi və hər gün istifadə edilməli; həkim tövsiyəsi olmadan qətiyyən dayandırılmamalıdır.
Qan təzyiqini salan dərmanların da digər dərmanlar kimi yan (əlavə) təsirləri vardır. Ancaq bu yan təsirlər dərmanı istifadə edən hər kəsdə görünmür. Bir dərman qrupunda yan təsir görüldükdə, başqa bir qrup dərmanla əvəz edilə bilər, yan təsir dozadan asılıdırsa, dərmanın dozu həkim tərəfindən tənzimlənə bilər. Dərmanla bağlı hər hansı bir yan təsir görüldükdə, növbəti dozu qəbul etməzdən və ya dərmanı tamamilə dayandırmağa qərar verməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır.
Hipertoniya xəstələri nələrə diqqət etməlidir?
Hipertoniya xroniki, yəni daimi bir xəstəlik olduğu üçün;
- Müəyyən fasilələrlə həkim müayinəsindən keçmək,
- Ömür boyu həyat tərzi dəyişikliklərinə əməl etmək,
- Həkimin məsləhət gördüyü dərmanları hər gün mütəmadi və fasiləsiz istifadə etmək yüksək təzyiqi nəzarət altında saxlamaqda olduqca vacibdir.
Düzgün tətbiq edilən pəhriz, idman və çəkiyə nəzarət ilə dərmanlara olan ehtiyac azaldıla bilər. Ancaq həkim tövsiyə etmədikcə və tənzimləmə aparmadıqca dərmanların qətiyyən kəsilməməsi; dozalarının dəyişdirilməməsi lazımdır. Dərmanların asılılıq yaratdığı və ya böyrəklərə və digər orqanlara zərər verdiyi barədəki inanclar doğru deyildir. Orqanlara ən böyük zərəri müalicə edilməyən hipertoniyanın vurduğu unudulmamalıdır. Hipertoniya müalicəsində müvəffəqiyyət böyük ölçüdə xəstədən asılıdır. Dərman qəbulu rejiminə (dərman uyğunluğuna) diqqət edən və həyat tərzi dəyişikliklərini tətbiq edən xəstələrdə uğurlu nəticələr əldə edilir.
Rəy Yaz